Danimarkanın “Vestas Wind Systems A/S şirkəti” ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı, eləcə də şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Danimarkanın Vestas Wind Systems A/S” şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirib.

Görüş zamanı Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı, yaşıl enerji ixracı üzrə regional mərkəzə çevrilməsi və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, ölkəmizdə zəngin alternativ enerji potensialı mövcuddur və bu resurslardan səmərəli istifadə dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Tərəflər birgə layihələrin həyata keçirilməsi, “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı, eləcə də şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə bərpa olunan enerji sahəsində tərəfdaşlığın genişləndirilməsinin ölkəmizin dayanıqlı iqtisadi inkişaf hədəflərinə töhfə verəcəyi vurğulanıb.