İyunun 17-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində görüş keçirilib. Görüşün əsas məqsədi hakimləri Xidmətin fəaliyyət istiqamətləri, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, kadastr, korporativ idarəetmə prinsipləri nəzərə almaqla dövlət əmlakının idarə edilməsi, torpaq münasibətləri, hərracların təşkili sahələrində görülən işlər, eləcə də bu istiqamətlərdə məhkəmə təcrübəsində daha çox rast gəlinən məsələlərlə tanış etmək olub.

Tədbirdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən institusional və rəqəmsal layihələr, vətəndaşlara və sahibkarlıq subyektlərinə göstərilən xidmətlər, əmlak və torpaq münasibətləri sahəsində tədbiq olunan inzibati proseduralar, habelə mübahisələrin yaranmasına səbəb olan praktiki məsələlər barədə məlumat verilib.

Görüş zamanı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, torpaq sahələrinin hüquqi statusu, dövlət əmlakından istifadə, özəlləşdirmə, icarə münasibətləri və kadastr məlumatlarının dəqiqləşdirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub. Əmlak və torpaq münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin effektiv və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti dövlət qurumlarının fəaliyyəti, tətbiq olunan prosedurlar və mövcud informasiya sistemləri barədə məlumatlılıq mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, yeni təyin olunmuş hakimlərlə keçirilən görüş qarşılıqlı fikir mübadiləsi və praktiki məsələlərin müzakirəsi üçün faydalıdır.

Tədbir çərçivəsində hakimləri maraqlandıran suallar cavablandırılıb.