Əmlak Məsələləri Dövlət Komitəsinin ev sahibliyi etdiyi bu beynəlxalq tədbir nəinki ölkəmiz üçün, habelə beynəlxalq müstəvidə digər ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir. Tədbir BMT AİK-ə üzv olan dünyanın 56 dövlətinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İsveçrə, İtaliya, Portuqaliya, İrlandiya, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Rusiya Federasiyası, Norveç və digər ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi BMT-nin AİK və digər əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir. Daşınmaz əmlakın dövlət qeydiyyatı və vahid dövlət kadastrı, torpaq idarəçiliyi, daşınmaz əmlak, o cümlədən torpaq bazarının inkişafı ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilir. Eyni zamanda, geodeziya işləri, ünvan reyestrinin aparılması, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, eləcə də əmlak idarəçiliyinə aid digər aktual məsələlər üzrə təcrübə mübadiləsi aparılır. Belə təcrübələrin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirilir.

Beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin, habelə özəl sektorun nümayəndələri də tədbirə qoşulub.  BMT AİK nümayəndələri olan Beynəlxalq Mərzçəkənlər Federasiyasının prezidenti Krissi Potsiou,  Avropa Daşınmaz Əmlak İnformasiya Xidmətinin icraçı direktoru Rik Vauters və BMT AİK-in Meşə, daşınmaz əmlak və mənzil təsərrüfatı idarəsinin direktoru Marko Keyner də tədbirdə iştirak ediblər.   

Tədbir açılış sessiyası ilə işinə başlayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tədbiri salamlama nitqi ilə açıq elan edib. Bildirilib ki, təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatların nəticəsi olaraq qısa müddətdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən əmlak münasibətlərində də ciddi dəyişikliklər baş verib. Qeyd olunub ki, ölkə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmaların irəli sürülməsini labüd edib. Həmin yanaşmalar özündə informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini əks etdirir. Bildirilib ki, şəffaflıq və operativlik məqsədilə daşınmaz əmlakın qeydiyyatında və torpaq idarəçiliyində “bir pəncərə” sistemi tətbiq olunur. Fəaliyyət sahələri üzrə 31 elektron, 3 onlayn və SMS xidmət vətəndaşların istifadəsinə verilib. Artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb. Bakı Kadastr Layihəsinin yekunlaşması ilə Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Bu işlərlə yanaşı, komitənin “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri kimi sosial layihələri də ardıcıl həyata keçirilir. Komitə sədri çıxışında son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan “Doing Business” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə dünyanın 189 ölkəsi arasında ilk pillələrdə yer alır. Komitə sədri vurğulayıb ki, bütün bu tədbirlər fonunda komitə öz fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi və bu istiqamətdə xarici ölkələrlə həyata keçirilən əməkdaşlığa daim xüsusi diqqət ayırır. Bu baxımdan, bəhs olunan beynəlxalq tədbirin önəmi və tədbir çərçivəsində aparılacaq təcrübə mübadiləsinin mühüm əhəmiyyəti xüsusi vurğulanıb.

Beynəlxalq tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edib. Millət vəkili tədbir iştirakçılarını salamladıqdan sonra respublikanın iqtisadi inkişaf tempinə görə dünyada öndə gedən dövlətlər sırasında olmasından, ölkəmizin sosial-iqtisadi inkişafından söz açıb. Bildirilib ki, daşınmaz əmlak idarəçiliyi sahəsində əldə olunan uğurlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq əlaqələrinin, təşkil edilən beynəlxalq tədbirlərin daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığı qeyd olunub.

Tədbirdə BMT Baş Katibinin müavini, Avropa İqtisadi Komissiyasının icraçı katibi cənab Kristian Fris Baxın tədbirə ünvanladığı video salamla nitqi təqdim olunub. BMT Baş Katibinin müavini Bakıda keçirilən bu tədbirin böyük əhəmiyyətindən danışıb və uğurlar arzulayıb.  Daha sonra BMT AİK-in Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsi ilə canlı telekörpü yaradılıb. Telekörpü vasitəsilə sözügüdən komitənin sədri xanım Yelena Szolgayova tədbirə qoşulub. O, BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun fəaliyyətindən danışıb və Azərbaycanın daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə etdiyi uğurları vurğulayıb.

Açılış sessiyasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının daşınmaz əmlak idarəçiliyi üzrə baş eksperti Rumyana Tonçovska və BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun sədri Elşad Xanəlibəyli təqdimatla çıxış ediblər. Daha sonra beynəlxalq tədbir 3 sessiya üzrə davam edib.

Tədbir çərçivəsində məkan və inzibati məlumatların səmərəli idarə edilməsi, müştəriyönümlü və dolğun daşınmaz əmlak kadastrı və reyestrinin aparılması üzrə qabaqcıl təcrübə paylaşılıb. Məlumat infrastrukturunda daşınmaz əmlak idarəçiliyi ilə digər sahəvi reyestrlərin qarşılıqlı təması və bu sahədə istifadə edilən informasiya texnologiyaları ilə bağlı mövzular dinlənilib. Ünvan və tikililər üzrə sahəvi reyestrlərin inkişaf etdirilməsinin yeni istiqamətləri, sahilboyu məkan planlaşdırması və su kadastrı, həmçinin digər aidiyyəti mövzular ətrafında ölkə təqdimatları olub və interaktiv müzakirələr aparılıb. BMT AİK-ə üzv dövlətlərin nümayəndələri çıxışlarında daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin təkmilləşdirilməsi sahəsində öz ölkələrinin təcrübəsini bölüşməklə tədbirin gedişində geniş təcrübə mübadiləsi  aparıblar.

Beynəlxalq tədbirdə Azərbaycan, Almaniya, Sloveniya, Böyük Britaniya, Norveç, Danimarka, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Ukrayna, Rusiya Federasiyası, Xorvatiya, İsveç,  Moldovadan olan nümayəndələrin daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlı çıxış və təqdimatları olub.

Tədbir növbəti gün – 30 oktyabr tarixində də davam edəcəkdir. Tədbir çərçivəsində  “Google” texnologiyaları və mümkün peyk təsvirlərinin inteqrasiyası vasitəsilə torpaqların qiymətləndirilməsi və monitorinqini həyata keçirmək üçün sərbəst və açıq mənbə proqram təminatı” mövzusunda Professional Dərslərin keçirilməsi də gözlənilir.

Xatırladaq ki, Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu BMT AİK-in nəzdində fəaliyyət göstərən hökumətlərarası qurumdur. 2013-cü ildən Azərbaycan qeyd olunan İşçi Qrupuna və onun Bürosuna sədrlik edir. İşçi Qrupunun ümumi məqsədi bütün Avropa, keçmiş Sovet İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları və Kanada, həmçinin Türkiyə və İsrail Dövlətini özündə birləşdirən BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyinin təşviqi və təkmilləşdirilməsidir. İşçi Qrupu daşınmaz əmlaka dair sahiblik və istifadə hüquqlarının təhlükəsizliyi, daşınmaz əmlakın kadastrı və qeydiyyatının təkmilləşdirilməsi, səmərəli daşınmaz əmlak bazarının yaradılmasını hədəf kimi müəyyən edib. İşçi Qrupu bu istiqamətdə daşınmaz əmlak idarəçiliyi sistemlərinin gücləndirilməsi və müasirləşdirilməsi metodlarını müəyyənləşdirir. Daşınmaz əmlak siyasətinin hazırlanması, həyata keçirilməsi və monitorinqinə töhfələr verir və dayanıqlı daşınmaz əmlak idarəçiliyi proqramları və layihələrini təşviq edir. İşçi Qrupunun fəaliyyəti region ölkələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinə əsaslanır.